Qazaxıstanın və Gürcüstanın hökumət başçıları Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf perspektivlərini müzakirə ediblər
Tbilisi, 23 iyun, AZƏRTAC
Biz Xəzər və Qara dəniz hövzələrinin nəqliyyat marşrutları imkanlarından istifadə etmək üçün Gürcüstanla əməkdaşlığı genişləndirməyə hazırıq. Bu kontekstdə yükdaşımalar məqsədilə hər iki ölkənin liman infrastrukturunun imkanlarından istifadə etmək çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında söyləyib.
O bildirib ki, danışıqlar zamanı bir çox məsələlər, o cümlədən kənd təsərrüfatı, sənaye və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. “Danışıqlar əsasında bir sıra mühüm sənədlər imzalanıb. İnanırıq ki, bu sənədlər bütün sahələrdə əlaqələrin inkişafına yeni təkan verəcək”, - deyə Baş nazir qeyd edib.
Bildirilib ki, Gürcüstan və Qazaxıstan Avropa və Asiya arasında nəqliyyat baxımından mühüm rol oynaya bilər. Danışıqlar zamanı Gürcüstanın və Qazaxıstanın Avropa ilə Asiya arasında nəqliyyat baxımından oynaya biləcəyi mühüm rol və Transxəzər beynəlxalq nəqliyyat marşrutuna xüsusi diqqət yetirilib.
“Ötən il bu istiqamətdə yük dövriyyəsi 2 dəfə, konteyner daşımaları isə 30 faiz artıb. Müsbət dinamika bu gün də davam edir. Bu istiqamətdə ortamüddətli perspektivdə yük dövriyyəsinin 10 milyon tona çatdırılması nəzərdə tutulub. Tərəflər bu məqsədə nail olmaq üçün 2022-2027-ci illərdə bu dəhlizin inkişafı və maneələrin aradan qaldırılması üzrə birgə tədbirlərin sinxron rejimdə həyata keçirilməsi barədə qərar qəbul ediblər”, - deyə Alixan Smailov vurğulayıb.
Tbilisi