Qazi və şəhid ailəsi üzvləri əməliyyat olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
Hər il mütəmadi olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində əhalinin həssas təbəqələrindən olan insanlar üçün xeyriyyə aksiyaları təşkil edilir.
AZƏRTAC ATU-a istinadla bildirir ki, universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə keçirilən aksiyalarda adıçəkilən şöbənin əməkdaşları iştirak edir. Sonuncu belə aksiya şöbə müdiri Qurban İsmayılov başda olmaqla kollektivin gərgin əməyi sayəsində uğurla yekunlaşıb. Bu dəfə bir qazi və şəhid qızı eksimer, 4 şəhid anası katarakta, bir şəhid atası isə konyunktiv törəmədən əməliyyat olunub.
Şöbə müdirinin bildirdiyinə görə, əməliyyat olunanlar özlərini yaxşı hiss edir. Onlarla mütəmadi əlaqə saxlanılır, təkrar müayinələr aparılır.