Qəbələ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
Qəbələ, 26 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 26-da Qəbələ rayon məktəblilərinin Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına yola salınma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev parkında təşkil olunan mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova maarifləndirici tur-aksiyanın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin başlıca məqsədlərindən biri yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar məhz bu amala xidmət edir.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova diqqətə çatdırıb ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından böyük əhəmiyyət daşıyır.
Toplantıda Nohurqışlaq kənd tam orta məktəbin IX sinif şagirdi Məleykə Abışova çıxış edərək indiyədək respublikamızın bir çox bölgəsində olduğunu bildirib. “Bu tur-aksiyada isə şagird dostlarımla birgə ilk dəfədir ki, Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının təbiəti, görməli yerləri, tarixi məkanları və turizm obyektləri ilə tanış olacağam. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Daha sonra 40 nəfər tur-aksiya iştirakçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Maarifləndirici tur-aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. Qrupa rəhbər təyin olunan rayon icra hakimiyyətinin sektor müdiri Zahir Kərimov AZƏRTAC-a bildirib ki, tur-aksiya iştirakçıları üçün hazırlanmış xüsusi geyimlər şagirdlərə paylanılıb. Təlimata uyğun olaraq məktəbliləri yüksək təşkilatçılıq qabiliyyətinə malik 4 nəzarətçi müəllim və həkim müşayiət edir.
Yolasalma mərasimində iştirak edən valideynlər və məktəblilər ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda tur-aksiyada iştirak edən şagirdlər əllərində üçrəngli bayraqla musiqi sədaları altında onlar üçün ayrılmış xüsusi avtobusla Gəncə şəhərinə yola düşüblər.