Qəbələdə keçirilən TDT Zirvə Görüşü yeni tarixin başlanğıcıdır
Bakı, 9 oktyabr, AZƏRTAC
Bu günlərdə Azərbaycanın Qəbələ şəhəri mühüm bir tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü burada keçirildi. Bu Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunması baxımından böyük əhəmiyyət daşıyır.
Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, həmçinin müşahidəçi statusunda olan dövlətlər – Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri iştirak etdilər.
Prezident İlham Əliyev çıxışına Qəbələnin qədim tarixindən söz açmaqla başladı. Dövlətimizin başçısı bildirdi ki, Qəbələ təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının tarixində xüsusi yer tutur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədovanın “Qəbələdə keçirilən TDT Zirvə Görüşü yeni tarixin başlanğıcıdır” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərində Zirvə Görüşünün keçirilməsi həm rəmzi, həm də strateji əhəmiyyət daşıyır. Bu Zirvə Görüşü türk birliyinin Orta Asiyadan Anadoluya qədər uzanan geniş bir coğrafiyada daha sıx əlaqələrlə möhkəmləndirilməsinin göstəricisidir.
TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü regional əməkdaşlıq və strateji tərəfdaşlıq üçün yeni dövrün əsasını qoymaqla, türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni inteqrasiyanı daha da gücləndirən dönüş nöqtəsi olmaqla yanaşı, türk həmrəyliyini yeni mərhələyə yüksəltdi.
Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının daha da güclənməsi və Türk dünyasının ortaq dəyərlər üzərində gələcəyini birgə qurmaq əzmini ortaya qoydu. Bu görüş yalnız diplomatik sənədlərlə deyil, həm də xalqlar arasında birliyin, etimadın və həmrəyliyin ruhunu gücləndirdi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, “bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirdi ki, “bu gün bir daha türk dövlətləri olaraq aramızdakı həmrəylik, qarşılıqlı hörmət və qardaşlıq ruhu ilə gələcəyə əmin addımlarla irəlilədiyimizi göstərdik. Biz böyük Türk dünyasını daha da gücləndirərək övladlarımıza miras qoyacağıq”.
Zirvə başa çatsa da, onun siyasi və strateji təsiri uzunmüddətli qalacaq. Türk dövlətlərinin birliyi artıq təkcə tarixə bağlılıqla deyil, ortaq maraqlar, ortaq gələcək və qlobal miqyasda əməkdaşlıqla müəyyən olunur.
Qafqazdan Orta Asiyaya uzanan bu strateji əməkdaşlıq xətti XXI əsrdə Türk dünyasının beynəlxalq münasibətlərdə daha güclü və mötəbər mövqe tutacağından xəbər verir.