Qəbələnin Əmirvan kəndində şəhidlərin xatirəsinə abidə-kompleks tikilib
Qəbələ, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun Əmirvan kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə abidə-kompleks inşa edilib. Kompleksdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əmirvan kəndinin qəhrəman oğullarının xatirə lövhələri yerləşdirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Kompleksin açılışında rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri, təhsil aldıqları məktəblərin kollektivləri, kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.