İDMAN
“Qəbələ”nin U-13 komandası Antalyaya yollanmışdır
Bakı, 30 mart (AZƏRTAC). “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası martın 30-da IV Vodafone Beynəlxalq futbol turnirində iştirak məqsədilə Antalyaya yollanmışdır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, artıq ənənə halını almış turnirdə bu “Qəbələ”nin 4-cü iştirakıdır. FİFA bayrağı altında keçirilən Vodafone kuboku yarışlarında Avropanın tanınmış “Bavariya”, “Milan”, “Çelsi”, “Vilyarreal”, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” klubları birincilik uğrunda yarışacaqlar.
İlkin mərhələdə komandalar 4 kollektivdən ibarət qruplarda mübarizə aparacaqlar. Bu mərhələdə “Qəbələ” “H” qrupunda “Bursaspor”, “Kosova SDC - İFA” və “Kızılcahamamspor”la üz-üzə gələcəkdir.
Turnirin açılış günündə - martın 31-də iki matç keçiriləcəkdir. “Qəbələ” əvvəlcə “Bursaspor”, daha sonra isə “Kosova SDC - İFA” ilə münasibətlərinə aydınlıq gətirəcəkdir. Aprelin 1-də isə “Qəbələ” qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşacaqdır.
Qeyd edək ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi turnirdə təmsilçimiz turnirin ən ümidverici komandası seçilmişdi. 2011-ci ildə isə “Qəbələ” turniri 7-ci pillədə tamamlamışdı. Ötən il təmsilçimiz nəticəsini bir qədər də yaxşılaşdıraraq yarışı 5-ci pillədə yekunlaşdırmışdı.