Qədim Tallinin Milad yarmarkası və ya mən piparkookini necə bişirdim
Bakı, 17 dekabr, Anara Axundova, AZƏRTAC
Hər dəfə dekabr başlayanda mən Tallinin Milad yarmarkasını yada salıram. Onun mülayim işığı, ticarət köşklərinin qar basmış damları, Ratuş meydanına yayılan isti qloqun (qırmızı şərabdan hazırlanan və ədviyyatlar qatılan isti içki) ətri, öz yerlərində mürgüləyən şimal maralları, kilsədən gələn nəğmə səsi və əlbəttə ki, şam ağacı. Qəlbim dərhal hərarət və rahatlıqla dolur, lap yüngülləşir. Sanki Estoniya qarı kimi. O qar ki, sənin kirpiklərinə düşür, əriyir və şəffaf soyuq damcı ilə yanağa tökülür.

***
-Bu gün piparkookid bişirəcəyik! - deyə Tallinə köçdükdən sonra dostluq etdiyim ailənin (mən onlarla indiyədək dostluq edirəm) anası Katrin təntənəli şəkildə elan edir.
-Pipar...kimi?
-Piparkookid! - deyə Katrin təkrarlayır. - Sən bilmirsən piparkookid nədir?
-Xeyr, mən “piparkookid” sözünü bilmirəm. Mən birinci ildir ki, Estoniyadayam.
-Hər şey aydındır! Gedək mətbəxə, - deyə Katrin cəsarətlə yerindən qalxır.
Hər dəfə mən Katringilə qonaq gələndə vaxtın çox hissəsini biz onunla məhz mətbəxdə keçirirdik. Təsadüfi deyil ki, mənim Estoniya dilində bildiyim sözlərin 70 faizini ərzaq məhsulları ilə bağlı sözlər təşkil edirdi...
Piparkook Estoniyada (Eləcə də Latviyada, Finlandiyada, eləcə də Skandinaviyada - orada bir az başqa cür adlanır) ənənəvi Milad peçenyeləridir. Hərfi tərcümədə “piparkook” tərkibindəki istiot, zəncəfil və digər ədviyyatlara görə “istiotlu peçenye” və ya “ədviyyatlı peçenye” deməkdir. Onu hazırlamaq çox asandır. Un, şəkər, yumurta, kərə yağı və ədviyyatlardan bərk xəmir yoğrulur. Ədviyyə qarışığına əsasən qara və ya ətirli istiot, hil, darçın, zəncəfil və mikəx daxildir. Estoniyada qışda kiçik dükanlardan tutmuş iri marketlərədək hər yerdə piparkooklar üçün hazır xəmir satırlar. Biz xəmiri yayır, daha sonra ondan fiqurlar kəsməyə başlayırıq. Katrinin peçenye üçün çox böyük formalar kolleksiyası var.

-Oğlanlar, gəlin kömək etməyə! - deyə o çağırır.
Pilləkəndə möhkəm ayaq səsləri eşidilir və “oğlanlar” - ata və iki yeniyetmə oğlan mətbəxə gəlirlər. Birlikdə biz sürətlə iki tavalıq fiqurlar kəsirik. Katrin peçenyeləri sobaya bişməyə qoyur. Piparkookilər (və ya Katrin demişkən “piparkookid” - eston dilində cəm halında) tez - cəmi 10-15 dəqiqə ərzində bişir. Tezliklə mətbəxə gözəl ədviyyə ətri yayılır.
-Demək olar ki, hazırdır, - deyə Katrin sobanın pəncərəsindən baxır. Bu peçenyelərlə qloq içmək lazımdır.
-Nə içmək lazımdır? - deyə mən soruşuram.
-Qloq! Sən bilmirsən qloq nədir? - deyə Katrin soruşur. Vay, axı bizdə qloq yoxdur! Oğlanlar! Köhnə şəhərə gedirik. Anara bilmir ki, qloq nədir!
Pilləkəndə yenidən möhkəm ayaq səsləri eşidilir, oğlanlar ayaqqabılarını geyinməyə qaçırlar. Biz sobadan hazır peçenyeləri çıxarırıq.
-Qoy soyusun, qayıdanda bəzəyərik, - deyə Katrin vurğulayır.
Biz şaxtalı axşamda çıxıb maşına əyləşirik. Bir gün əvvəl gecə qar yağıb və indi o, yanından keçdiyimiz qaranlıq meşənin fonunda sehrlə parlayır. Tallin mənim dostlarımın yaşadığı kiçik şəhərdir, biz cəmi 20 dəqiqədən sonra mərkəzə çatırıq.

Qışda Estoniyada hava tez qaralır. Artıq axşam 5-də şəhər üzərinə yavaş-yavaş toran enir. Lakin bu anı tutqun və qəmgin adlandırmaq olmaz. Əksinə bu, çox rahat vaxtdır. Küçələri kiçik fənərlər işıqlandırır, hava isə sehrlə doludur. Bu, xüsusilə Köhnə şəhərdə hiss olunur. Milad ərəfəsində isə daha ecazkar görünür, çünki burada bayram yarmarkası fəaliyyət göstərir.
Ənənəvi Milad yarmarkası dekabrın 1-də açılır. Şəhər sakinləri üçün bu, çoxdan gözlənilən və sevindirici hadisədir. Yarmarkaya başqa şəhərlərdən, hətta başqa ölkələrdən insanlar gəlir.
Hər şey Köhnə şəhərin Ratuş meydanında ən hündür canlı yolkanın qurulmasından başlanır. Yolkanı qabaqcadan seçirlər. Estoniyanın müxtəlif vilayətləri bu rola “namizəd”i öz meşələrindən təklif edirlər. Ölkənin əsas yarmarkasını məhz onların şam ağacı bəzəməsi üçün demək olar ki, mübarizə aparırlar. Seçilmiş ağac Tallinə gətirilir və meydanın ortasında qurulur və bəzədilir. 14-15 metr hündürlükdə olan yolkanı “geyindirmək” üçün minədək Milad oyuncağı və on metrlərlə girlyanda sərf olunur.

Yolkanın ətrafında qurulan ticarət köşkləri sanki nağıl kitablarındakı şəkillərdən düşən evləri xatırladır. Adətən bu köşklərdə əllə toxunan yun məmulatlar - eston ornamentləri ilə bəzədilən əlcəklər, şərflər, şallar, corablar, Milad suvenirləri və bəzək əşyaları, ənənəvi şirniyyatlar - marsipan, pryanik, həmin o piparkooklar və “bizim Köhnə şəhərə gəlməyimizin əsas səbəbkarı” - isti qloq satılır.

Qloq - qlintveynin Skandinaviyada istifadə edilən növüdür. Estoniya qloqu giləmeyvə və meyvələrdən bişirilir, ona qoz-fındıq və quru meyvələr əlavə edilir. Maraqlısı odur ki, Tallində (digər Avropa şəhərlərindən fərqli olaraq) həmişə və hər yerdə alkoqolsuz qloq tapmaq mümkündür.
Qloqun qoxusu artıq Ratuş (Bələdiyyə) meydanına yaxınlaşanda hiss olunur. Bu içki adamı bihuş edir! Ancaq yarmarkada gördüklərim ağlımı az qala tamamilə başımdan alacaqdı. Özümü nağıllar aləmində hiss edirdim. Tallində yaşadığım müddət ərzində Köhnə şəhərdə azı beş yüz dəfə olmuşam. Milad bazarını isə ilk dəfə görürdüm. Ratuş meydanı ağlasığmaz dərəcədə dəyişmişdi. Bu dəyişiklik təkcə bayram bəzəklərinə görə deyildi. Burada daha əvvəl görmədiyim başqa bir şey peyda olmuşdu... Ancaq bunun məhz nə olduğunu hələ dərk edə bilmirdim. İlk on dəqiqəni sadəcə susdum, çünki hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirdim.
Labirint kimi düzülmüş skamya sıralarının arası ilə gedirik. Xoşumuza gələn məhsullara yaxından baxmaq və ya tanıdığımız insanlarla salamlaşmaq üçün arabir ayaq saxlayırıq. Dediyim kimi, Tallin kiçik şəhərdir və küçədə hər addımbaşı tanışa rast gəlmək adi hala çevrilib. Ancaq indi mənə elə gəlirdi ki, bu şəhərdə tanıdığım hər kəsi bu gün burada görə bildim!

Nəhayət, arzuladığımız qloq içkisinin satıldığı yerə çatırıq. Hamımız alkoqolsuz qloq alıb içirik, izdihamdan bir az uzaqda şimal marallarının salındığı tövlə tərəfə çəkilirik. Stəkan əllərimi isidir - onun istisi qalın toxunmuş yun əlcəkdən ovuclarıma keçir. İçki boğazımda xoş yanğı hissi oyadır, ətri şux ovqat bəxş edir, eyni anda məni məst edir. Soyuqda bir-birinə sıxılıb sakitcə yuxuya gedən marallara baxıram, Gözüm şam ağacına sataşır, şaxtadan yanaqları qızarmış insanlara, qış kombinezonu geydikləri üçün balaca cırtdanlara oxşayan və gülüb-əylənən uşaqlara tamaşa edirəm. Birdən mənə elə gəlir ki, mən də onlar kimi uşağam, bayram əhval-ruhiyyəsinin az qala əbədi davam etdiyi və möcüzələrin havada uçuşduğu Milad ölkəsinə düşmüşəm. Kirpiyimə qar dənəsi düşür. Qar yağmağa başlayır. Sanki qaranlıq səmadan kimsə üzərimizə minlərlə kiçik parlaq ulduz səpələyir.
-Evə gedək, - Katrin təklif edir. - Hələ piparkookları bəzəyəcəyik.

Qloqu içib bitirəndən sonra yarmarkadan uzaqlaşırıq (buraya ilin sonuna qədər hələ bir neçə dəfə baş çəkəcəkdim). Maşınla yol gedirik, Katrin peçenyeni sulu marsipanla bəzəyəcəyimizdən həvəslə danışır.
-Uzun-uzadı işdir, - o deyir. - Marsipan bir az soyuyub bərkiməlidir, dərhal yemək olmaz. Bu gecəni burda qal. Evdə sobanın yanında yorğan-döşək var.
-Sabah radioya getməliyəm, - mən deyirəm. - Radio proqramının səs yazısını hazır etməliyik.
-Səhər yuxudan duran kimi səni özümüz radioya apararıq, - Katrin təklif edir. - Piparkookları necə bişirdiyimizdən danışarsan.
-Bir gün mütləq bu piparkookları necə hazırladığımız barədə danışacağıma söz verirəm! - mən deyirəm. - Amma sabah yox. Sabah Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Şaxta baba haqqında söz açacağam.
-Kimin haqqında? - Katrin maşının qabaq oturacağından arxaya çevrilərək mənə baxır.
-Şaxta babanın! - gülürəm. - Sən Şaxta babanı tanımırsan?

...Peçenyeni bəzəmək üçün gecə yarısına qədər oturduq. Sonra da hamısını beş dəqiqənin içində yeyib-bitirdik. Piparkooklarımız çox dadlı və qəşəng alınmışdı. Şən dostlarımın qonaqlar üçün ayrılmış yataq otağında düz sobanın yanında uzanıb yuxuya getməyə hazırlaşanda, alovun içindəki odun parçalarının necə çırta-çırt yandığını eşidirdim, Milad yarmarkasının parlaq işıqları gözlərimin qarşısında bərq vururdu, dadlı qloqun və piparkookidlərin ləzzəti hələ damağımdan getməmişdi. Pişik düz ayaqlarımın üstündə mürgüləmişdi. Pəncərənin arxasında isə səssiz-səssiz qar yağırdı.
P.S. Daha sonralar mən başqa - Litva, Belçika, Finlandiya, Hollandiya və Polşa Milad yarmarkalarında olmuşam. Ancaq indiyə qədər gördüyüm ən yaxşı bayram yarmarkası Estoniyadakıdır. Həm də təkcə mənim üçün yox. 2019-cu ildə Tallin Milad Yarmarkası Avropanın ən yaxşı milad yarmarkası adına layiq görülüb. Həm də məsələ nə beşmərtəbəli bina boyda ucaldılan şam ağacında, nə nağıllardakı kimi bəzədilmiş vitrinlərdə, nə marallarda, nə də ətri adamı məst edən qloq içkisində deyil. Yox. Köhnə Tallinin özünəməxsus ruhu var. Həmin bənzərsiz Milad bayramı ruhu! Mən bu ruhu yarmarkanın cərgələri arasında gəzişəndə hiss etmişdim, ancaq məni məhz nəyin ovsunladığını tam dərk edə bilmirdim. Bu ruh labirint kimi düzülmüş vitrinlərin arasında dolaşır. Onu hiss etmək olur. Bu ab-havanı nə zahiri bər-bəzək, nə də fənər işıqları bəxş edə bilməz. Bu ruh, orada səni qarşılayan insanların ürəklərinin istisidir, səmimi münasibətlərinin hənirtisidir. Mənim də ürəyimin bir hissəsi, həmişəlik olaraq, bu uzaq şimal şəhərinin Ratuş meydanında qalıb. Bəlkə də, ürəyinin bir hissəsini orada qoyub gedənlərin xoş duyğularının yaratdığı ab-hava indi də bu il həmin yarmarkaya yolu düşənlərin və bu sehrin içinə düşənlərin ruhunu isidir. Bir zamanlar mənim qışın sazağında üşüyən ürəyimi isitdiyi kimi...

Materialda Tallin Milad Yarmarkasının rəsmi saytında yerləşdirilmiş fotoşəkillərdən istifadə edilib.