“Qəhrəman ruh, parlaq zəka” – şəhid övladları arasında bilik və istedad festivalı keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsi əsasında maliyyələşdirilən “Qəhrəman ruh, parlaq zəka” – şəhid övladları arasında bilik və istedad festivalı keçirilib.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan festivalın əsas məqsədi şəhid övladlarının bilik, istedad və yaradıcılıq potensialının üzə çıxarılması, onların ictimai fəallığının artırılması və milli-mənəvi dəyərlər ruhunda dəstəklənməsidir.
AZƏRTAC xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğur arzulayıblar.
Bədii hissədə iştirakçılar qabiliyyətlərini nümayiş etdiriblər.
Festivalın sonunda bilik yarışmasının qalibləri – “Qarabağ ulduzları” (birinci yer), “Zəfər beyinləri” (ikinci yer), “Xarı bülbülün zəkaları” (üçüncü yer) kubok, diplom, medal və hədiyyələrlə təltif olunublar.
Bununla yanaşı, bütün iştirakçılara təşəkkürnamə, bədii hissədə iştirak edənlərə isə xüsusi hədiyyələr və təşəkkürnamə təqdim edilib.