Qənirə Paşayeva: Ermənistanın təxribatçı hərəkətlərinə hüquqi qiymət verilməlidir
Bakı, 23 iyul, AZƏRTAC
İşğalçı Ermənistanın hərbi birləşmələrinin Tovuz istiqamətində törətdiyi təxribat dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların haqlı narazılığına səbəb olub. Beynəlxalq ictimaiyyət düşmənin dövlət sərhədi boyunca baş verən və bir neçə gün davam edən təcavüz aktını qətiyyətlə pisləyir. Vətəndaş olaraq hər birimiz düşmənlə mübarizəyə hər zaman hazır olmalıyıq.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Mədəniyyət komitəsinin sədri deyib: “Rəhbərlik etdiyim Azərbaycan-Pakistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanıb. Məktubumuz Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb. Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə edərək, Ermənistanın hərbi qüvvələrinin təxribat aktını qətiyyətlə qınayıb. Dostluq qrupunun rəhbəri general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla düşmənin hərbi təxribatı nəticəsində canından keçən şəhidlərimizə Tanrıdan rəhmət diləyib və hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib”.
Qənirə Paşayeva vurğulayıb ki, torpaqlarımızı 26 ildən çoxdur ki, işğal altında saxlayan və Dağlıq Qarabağ və 7 ətrafyanı rayonlardan başqa digər ərazilərimizə göz dikən Ermənistanın təxribatçı hərəkətlərinə hüquqi qiymət verilməlidir. Azərbaycanın işi haqq işidir, biz heç kimin torpağına göz dikməmişik və bizim olanları geri qaytaracağıq!.