Qərb bölgəsində yaşayan 750 aztəminatlı ailəyə ərzaq bağlamaları çatdırılıb
Naftalan, 30 aprel, Rauf Hacıyev, AZƏRTAC
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə aztəminatlı ailələr üçün ərzaq sovqatının paylanılması aksiyasına start verilib. Aksiya çərçivəsində respublikanın 76 şəhər və rayonu üzrə 3900 aztəminatlı ailəyə ərzaq sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikanın qərb bölgəsinə daxil olan Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, habelə Qazax, Tovuz, Ağstafa, Şəmkir, Samux, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər (Gəncə şəhərində), Xocalı (Goranboy rayonunda) rayonlarında yaşayan aztəminatlı ailələr üçün nəzərdə tutulan 750 ərzaq bağlaması aprelin 29-da AHİK-in nümayəndələri tərəfindən ünvanlara çatdırılıb. Bölgüyə əsasən, Gəncə şəhərinə 100, digər rayon və şəhərlərin hər birinə isə 50 ərzaq bağlaması göndərilib. Yardımlar AHİK-in yerli qurumlarının fəallarının iştirakı ilə qəbul edilib və aprelin 29-30-da aztəminatlı ailələrə paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.