MƏDƏNİYYƏT
“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası hazırlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bazada “Rəsmi sənədlər”, “İrəvan xanlığının tarixi”, “Qərbi Azərbaycanın tarixi coğrafiyası və etnik tərkibi”, “Xəritələr” kimi bölmələrlə yanaşı, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhrəmovun “Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi”, Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycan həqiqətlərini bədii əsərlərə daşımalıyıq”, BDU-nun kafedra müdiri professor İradə Hüseynovanın “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir”, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması” başlıqlı məqalələrinin tam mətni də yer alır.
Elektron məlumat bazasında Qərbi Azərbaycan İcması, icmanın inzibati binasının açılışı zamanı söylənilən nitqlərin tam mətni, Qərbi Azərbaycana, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına, Qərbi Azərbaycanın ədəbiyyatına və mədəniyyətinə dair nəşr edilən kitab, məcmuə və məqalələrin siyahıları təqdim edilir. Bazada “İrəvan Dövlət Azərbaycan Dram Teatrı”, “Qərbi Azərbaycan toponimləri”, “Qərbi Azərbaycan abidələri” “İzonəşrlər, xəritə və atlaslar”, “Dissertasiya və avtoreferatlar”, “Elektron resurslar”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.
“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat.html yerləşdirilib.