Qərbi Balkanlarda gənclərin 71 faizi ölkədən getmək istəyir
Sarayevo, 11 noyabr, AZƏRTAC
Qərbi Balkan dövlətlərində gənc əhalinin 71 faizi öz ölkələrini tərk etməyi düşünür.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Şurası İnkişaf Bankının (CEB) hesabatında deyilir.
Bildirilir ki, Qərbi Balkan ölkələrində təhsil, səhiyyə və mənzil sektorunun yaxşılaşdırılması iqtisadi dayanıqlılığın artırılmasına töhfə verə və regionun insan kapitalının xaricə axınını dayandıra bilər.
COVID-19 pandemiyasının regiona mənfi təsir göstərməsinin bölgə iqtisadiyyatlarının sürətlə kiçilməsinə səbəb olduğu qeyd edilən hesabatda bunun ən bariz nümunəsinin Monteneqro iqtisadiyyatının 15 faiz kiçilməsi olduğu bildirilib. Hesabatda bu göstəricilərin gənclərə daim mənfi təsir göstərdiyi, onların davamlı iş tapa bilməməsi, karyera yüksəlişi və ailə həyatı qura bilməməsinə səbəb olduğu, ölkələrin rifah və sosial iştirak səviyyəsini aşağı saldığı qeyd edilib. Gənclərin təxminən 71 faizinin xaricdə işləmək üçün regionu tərk etməyi düşünməsi də bunun bariz nümunəsidir.
Bölgədə COVID-19-a qarşı peyvənd edilənlərin nisbəti Avropa İttifaqındakı orta göstəricidən xeyli aşağıdır. Qərbi Balkan ölkələrində peyvənd edilənlərin nisbətinin ən yüksək olduğu ölkə Serbiyadır. Ən aşağı göstərici isə Bosniya və Herseqovinadadır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo