CƏMİYYƏT
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib
![Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib](/files/2014/2/1200x630/14087125075062736325_1200x630.jpg)
Bakı, 25 iyul (AZƏRTAC). İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə bir neçə rayonda ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Şura Katibliyindən AZƏRTAC-a bildiriblər ki, ilk görüş Lənkəranda olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri, yerli QHT rəhbərləri, ziyalılar, şəhər ictimaiyyətinin və media qurumlarının təmsilçiləri iştirak ediblər.
İcra hakimiyyəti başçısının müavini İlkin Rəhimov rayonda vətəndaş cəmiyyəti qurumlarının inkişafı üçün yaradılan şəraitdən və dövlət orqanları ilə ictimai sektor arasında qurulan səmərəli əməkdaşlıqdan danışıb.
Toplantıda məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov son illərdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində ardıcıl həyata keçirilən dövlət siyasətindən, təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dəstəyin müxtəlif istiqamətlərindən, maliyyələşdirilən layihələrdən, beynəlxalq əlaqələrin vəziyyətindən, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlardan, ictimai sektorun davamlı fəaliyyətini təmin etmək üçün görülən işlərdən, QHT-hökumət münasibətlərindən bəhs edib. O, QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə əlaqədar ictimai təşkilatların üzərinə düşən vəzifələrə də toxunub.
Tədbirdə çıxış edən şəhər ictimaiyyətinin nümayəndələri və təşkilat sədrləri vətəndaş cəmiyyətinin maliyyə əsaslarının möhkəmləndirilməsi, QHT-lərə çoxsaylı xidmətlərin göstərilməsi sahəsində dövlətin həyata keçirdiyi işləri yüksək qiymətləndirdiklərini və bu fəaliyyətin ölkənin regionlarında da genişləndirilməsinin vacibliyini bildiriblər.
Şura Katibliyinin icraçı direktoru yerli təşkilatların QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı suallarını da cavablandırıb.
Həmin gün Şura Samuxda “QHT-lərin müsbət təcrübəsinin təbliği və region QHT-lərinin inkişaf etdirilməsi” mövzusunda konfrans keçirib. Konfransda çıxış edən Şura Katibliyinin aparıcı məsləhətçisi Şahin Məhərrəmov region QHT-lərinin inkişafı üçün görülən işlər, vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Bərdədə və Saatlıda keçirilən oxşar tədbirlərdə də vətəndaş cəmiyyətinin inkişafı və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.