Qida Təhlükəsizliyi Agentliyində Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 7 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşıb, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq cəmiyyətin bütün sahələrində, o cümlədən insanların rifahı, sağlamlığı və qida təhlükəsizliyinin təmin olunması istiqamətində böyük canlanma yaranıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri mayın 7-də Ümummilli Liderin anadan olmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə agentliyin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli Ulu Öndərin Azərbaycanın gələcək inkişafının təməli istiqamətində açdığı geniş imkanlardan və bununla bağlı sonsuz xidmətlərindən söz açıb. Onun hakimiyyəti dövründən başlayaraq, Azərbaycanın hər sahədə böyük nailiyyətlər əldə etdiyini, vətəndaşların rifahı və rəqabətədavamlı iqtisadiyyatın qurulması və digər bu kimi mühüm istiqamətlərdə inkişafın həyata keçirildiyini vurğulayıb.
Agentliyin sədri qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi və qarşıya qoyulmuş vəzifələr bu istiqamətdə irəli doğru atılmış böyük bir addımdır.
Q.Təhməzli daha sonra Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlardan bəhs edib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Agentliyin sədri ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi daxili və xarici siyasətinin uğurlu nəticələrindən bəhs edib, ölkəmizin günü-gündən çiçəkləndiyini, inkişaf etdiyini vurğulayıb.
Agentliyin sədr müavini Rüfət Rüstəmzadə, Sertifikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri Nübar Hüseynli Ulu Öndərin müstəqil dövlətimizin inkişafı naminə gördüyü işlərdən danışıblar.