QLOBALLAŞMA DÖVRÜNDƏ GENDER VƏ İQTİSADİYYAT MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Komitənin sədri Hicran Hüseynova konfransın məqsədindən danışmış, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın müxtəlif sahələrində qadın və kişilərin qeyri-bərabər təmsil olunduğunu xatırlatmışdır. Bildirilmişdir ki, işləyən qadınlar arasında dövlət müəssisələrində çalışanlar üstünlük təşkil edir. Onlar, əsasən, səhiyyə, təhsil, ictimai, sosial və şəxsi xidmət sahələrində fəaliyyət göstərirlər.
H.Hüseynova ölkə Prezidentinin fərman və sərəncamları ilə respublikada bir sıra dövlət proqramlarının həyata keçirildiyini vurğulamış, 2006-2015-ci illər üçün hazırlanan Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramında gender, ailə siyasəti və uşaq hüquqları məsələlərinə geniş yer verildiyini bildirmişdir.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Şahin Sadıqov və başqaları hazırda müzakirə olunan kişi və qadın hüquqlarının bərabərliyinə dair qanun layihəsi barədə məlumat vermiş, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında qadınların rolunun artırılmasının əhəmiyyətindən danışmışlar.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilmiş, təkliflər verilmişdir.