Qobustan: 10 min 500 nəfərdən çox sakin tibbi müayinədən yararlanıb
Qobustan, 2 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın digər bölgələrində olduğu kimi, Qobustan rayonunda da əhalinin ödənişsiz tibbi müayinəsi müvəffəqiyyətlə davam edir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhali tərəfindən böyük razılıqla qarşılanan bu kampaniya qabaqcadan tərtib edilən qrafik əsasında mərkəzi xəstəxanada, Təklə və Sündü kənd sahə xəstəxanalarında, habelə 10 kənd həkim məntəqəsində ayrı-ayrı ixtisaslı həkimlərdən təşkil olunan iki səyyar briqada tərəfindən aparılır.
Rayonda əhalinin ümumi sayı 45 min 716 nəfərdir ki, onlardan 32 min 994 nəfəri 18 yaşdan yuxarıdır. Fevralın 12-dən bu günədək 10 min 503 nəfər tibbi müayinədən keçib. Onlardan 517 nəfəri ambulator, 48 nəfəri stasionar müalicəyə cəlb edilib. 60 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış klinikalara göndərilib. Artıq rayonun 8 yaşayış məntəqəsində, 132 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb.