Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
Bakı, 30 aprel, AZƏRTAC
İmişli rayon Aranlı kənd sakini Ə. Xudiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyasının və pullarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini Ə.Tağıyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişə məxsus evdən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurladığı müəyyən edilib. Oğurlanmış pulların bir qismi və üzük maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.