REGİONLAR
Qubada kollec tələbələri narkotik vasitələrin zərərləri barədə maarifləndiriliblər
Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Quba Dövlət Sosial-İqtisadi Kollecində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub. Tədbirdə kollecin pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə RPŞ rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin ötən müddət ərzində rayon polis şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb, müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis mayoru R.Hüseynov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.