Qubadlıdan olan 108 yaşlı Məstan nənə seçki məntəqəsinə gələrək səs verib
Sumqayıt, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayonundan 25 min 217 seçici hüququ olan məcburi köçkün bu gün həvəslə seçki məntəqələrinə üz tutublar. Qubadlılar növbəti 7 ilə dövlət başçısı seçirlər.
Seçicilər iki seçki dairəsinə aid olan 28 məntəqədə səs verirlər. Belə ki, 120 saylı Cəbrayıl-Qubadlı dairəsi üzrə 1725 nəfər və 125 saylı Zəngilan-Qubadlı dairəsi üzrə 23 min 492 nəfər seçici qeydə alınıb. Ən yaşlı iki seçicinin 108 yaşı var, 637 gənc isə ilk dəfə səs verəcək.
1910-cu ildə Qubadlı rayon Qaraqoyunlu kəndində doğulan Məstan Əsədova Sumqayıtdakı İnşaatçılar qəsəbəsində İşıqlı kənd tam orta məktəbinin binasında yerləşən 36 saylı məntəqəyə gələrək səsvermədə iştirak edib.
Qubadlı rayonunun Yuxarı Mollu, Xanlıq, Muradxanlı, Dəmirçilər, Dondarlı və digər kəndlərinin sakinlərini əhatə edən 37 saylı məntəqədə də seçki prosesi fəallıqla keçir. Seçicilər öz konstitusion hüquqlarından istifadə edərək sərbəst şəkildə istədiyi namizədə səs verirlər. Məntəqə üzrə 1148 seçici var ki, onlardan da 6-sı ilk dəfə səs verəcək. Ad günü seçki gününə təsadüf edən və ilk dəfə səs verən Humayın Atakişiyeva da onların arasındadır. Seçki məntəqəsində ona doğum günü münasibətilə hədiyyə təqdim olunub.
“Bu gün 18 yaşım tamam olur və ilk dəfə seçkidə iştirak edirəm. Özümü çox xoşbəxt və qürurlu hiss edirəm. Əminəm ki, səsimi ən layiqi namizədə vermişəm”, - deyə Humayın Atakişiyeva qeyd edib.