İQTİSADİYYAT
Qusar rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilmişdir VİDEO
Qusar, 21 iyun (AZƏRTAC, Elxan Yusifli). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri və yeni massivlər “mavi yanacaq”la təmin olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB tərəfindən Qusar rayonunun Samur qəsəbəsinin, Yeni Tahircal kəndinin və İmamqulukənd kəndində yeni salınmış yaşayış massivinin qazlaşdırılması işi başa çatdırılmış abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılmışdır.
Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə iyunun 21-də Samur qəsəbəsində keçirilən mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Azər Badamov, rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak etmişlər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edərək bildirmişdir ki, Azərbaycan iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası müstəqil Azərbaycanın davamlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.
Rövnəq Abdullayev qeyd etmişdir ki, respublikamızın yaşayış məntəqələrinin təbii qazla təmin olunması sürətlə davam etdirilir. Artıq ölkəmizin 90 faiz yaşayış məntəqələri qazlaşdırılmış, bu göstəricinin tezliklə 100 faizə çatdırılması nəzərdə tutulmuşdur.
Mərasimdə diqqətə çatdırılmışdır ki, “mavi yanacaq”la təmin olunmuş 3 yaşayış məntəqəsində, ümumilikdə, 857 abonent vardır. Burada qazlaşdırılma işlərini həyata keçirmək üçün 86,6 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmişdir. Bunun 7,8 kilometri daşıyıcı qaz kəmərləridir. Hazırda rayonun Kufoba kəndində paylayıcı küçə qaz xətlərinin çəkilməsi işləri aparılır.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və yaşayış məntəqələrinə təbii qaz verilmişdir.