REGİONLAR
Qusarda əmək yarmarkası: 80 boş iş yeri, 800 manatadək maaş
![](/files/galleryphoto/2023/3/1200x630/16982431383921462680_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698243138448551017_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982431383932950977_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982431381531460148_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982431383454519586_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982431382475727008_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698243138409333314_1200x630.jpg)
Qusar, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin oktyabrın 25-də Qusarda təşkil etdiyi əmək yarmarkasında işaxtaranlara 21 peşə və ixtisas üzrə 80 boş iş yeri təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400-800 manat arasında olub.
Tədbirin keçirilməsində əsas məqsəd işəgötürənlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.
Yarmarkada vakansiyaları təqdim edən “Shahdag Hotel Company” MMC iqtisadi fəaliyyət növünə görə daha çox yerli əmək bazarının tələbatı üçün xarakterik olan qış turizmi sahəsində ixtisaslaşıb.
Təqdim olunan iş yerlərinin 74-ü peşə təhsili, 6-sı isə ali və orta ixtisas tələb edən vakansiyalardır. Yarmarkaya çıxarılan vakansiyaların 21-i xidmətçi, 14-ü mühafizəçi, 9-u qrup rəhbəri, 5-i ofisiant, 5-i camaşırxana işçisi, 3-ü kiçik qrup rəhbəri, 3-ü hostes, qonaqlara xidmət üzrə menecer, qonaq qəbulu üzrə agent, barmen, gecə meneceri, koordinator, kuryer, qida və içki üzrə menecer müavini, mexanik və digər vəzifələr üzrədir.
İşəgötürən tərəfindən təqdim olunan vakansiyalara dair tələblər filial tərəfindən təhlil olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlarla iş aparılıb, turizm sahəsində təcrübəsi olan uyğun namizədlər tədbirə dəvət edilib.
Tədbirdə vakansiyalara müraciət edən vətəndaşların rezümeləri işəgötürən tərəfindən qəbul edilərək nəzərdən keçirilib. Uyğun namizədlərin işəgötürən tərəfindən işə qəbulu ilə bağlı ilkin razılaşma əldə olunub. Bundan əlavə yarmarkaya qatılan işsiz və işaxtaran şəxslərə karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilib, peşə seçimi, peşə hazırlığı və digər məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərə məşğulluğun təmin olunması istiqamətində peşəyönümü məsləhət xidmətləri göstərilib.