Qusarda havanı çirkləndirən avtomobillərin sürücülərinə protokollar tərtib edilib VİDEO
Qusar, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi daşıyan “Təmiz hava aylığı” çərçivəsində Qusar şəhərində növbəti reyd keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.
Şəhərin əsas küçələrində keçirilən reyd zamanı 300-dən çox avtomobil yoxlanılıb. Atmosferi çirkləndirən 25 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.
Yoxlamaya cəlb olunan nəqliyyat vasitəsi sahiblərinin və sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.