Qusarda stadionun təmiri nə vaxt yekunlaşacaq?
Qusar, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar şəhərindəki Şövkət Orduxanov adına stadion 1962-ci ildə istifadəyə verilib. Üç il əvvəl stadionda yenidənqurma işlərinə başlanılsa da, 2024-cü ilin may ayında yarımçıq dayandırılıb.
Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, hazırda stadionda tikinti-təmir işləri aparılmır. Qusarlı azarkeşlər yerli komandalarını doğma arenada dəstəkləmək üçün 2026-cı ili gözləməlidirlər.
“Şövkət Orduxanov adına stadion Gənclər və İdman Nazirliyinin balansına yeni verilib. Bu səbəbdən obyekt üzrə təmirin planlaşdırılması və icrası ilə bağlı əsas qərarlar nazirlik tərəfindən qəbul olunur. Stadionun əsaslı təmirinə gələn il başlanması nəzərdə tutulur. Təmirlə bağlı hər hansı yeni rəsmi məlumat daxil olduqda, ictimaiyyət operativ qaydada məlumatlandırılacaq”, - rayon icra hakimiyyətindən sorğuya verilən cavabda qeyd olunub.
Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev isə AZƏRTAC-a bildirib ki, Qusar şəhərində yerləşən sözügedən stadionun ərazisi və ona aid uzun müddət yarımçıq saxlanılmış bir sıra tikililər mövcud vəziyyətdə ötən ay nazirliyin balansına verilib: “Hazırda balansa qəbulla bağlı müvafiq qiymətləndirmə işləri icra edilir. Eyni zamanda, mövcud yarımçıq tikililərin texniki vəziyyəti araşdırılaraq nəticədən asılı olaraq gələcəkdə işlərin başa çatdırılması istiqamətində addımlar atılır”.
Qeyd edək ki, Qusarda stadion olmadığından I Liqada mübarizə aparan "Şahdağ Qusar" futbol klubu ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin meydançasında keçirir.