Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın yay vaxtına keçidin ləğv olunması ilə bağlı tövsiyələri
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli müvafiq qərarına əsasən, ölkə ərazisində yay vaxtına keçid ləğv olunub və martın 27-də saatların bir saat irəli çəkilməsi həyata keçirilməyəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhaliyə tövsiyələr verib. Tövsiyələrdə deyilir ki, kompyuter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlığında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir. Bununla əlaqədar, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən operatorlar (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilib.
Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (Microsoft və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.
Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün aşağıdakı linkdən yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur: http://cache.gmane.org//gmane/comp/time/tz/10687-001.bin
Fərdi istifadəçilərdən kompyuter və mobil telefonlarının ”tarix və vaxt” menyusundan “avtomatik” rejiminin deaktiv edilməsi tövsiyə olunur.