Radiasiya Problemləri İnstitutunun alimləri fəaliyyətlərini karantin rejiminə uyğun davam etdirirlər
Bakı, 7 may, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) əməkdaşları fəaliyyətlərini karantin rejiminə uyğun davam etdirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fizika üzrə fəlsəfə doktoru, dosent Fərid Əhmədovun “Geiger rejimli fotodiodlarının yeni fiziki modeli”, “Qamma spektrometr üçün ssintilyator və MAPD matrisi”, “Silisium fotoelektron gücləndiricilərin aşağı temperaturda işləməsi”, “Ağır nüvələrin parçalanmasında T-odd asimmetryasını ölçmək üçün qurğu” və “Silisium fotoelektron gücləndiricilər: Statusu və perspektivləri” məqalələri dərc olunub, “Silisium fotoelektron gücləndiriciləri üçün nəzərdə tutulmuş “Spectrig MAPD” kompakt oxuyucu interfeys” adlı məqaləsi isə çapa təqdim edilib.
Elmi müəssisənin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Elçin Hüseynovun “DTA, TGA və DTG metodlarından istifadə edərək neytron seli ilə şüalanmış nanokristallik silisium karbidin (3C-SiC) istilik parametrlərinin tədqiqi” və “DSC spektroskopiyasından istifadə edərək neytron seli ilə şüalanmış nanokristallik silisium karbidin (3C-SiC) istilik sabiti və istilik axınının tədqiqi” adlı məqalələri, kimya üzrə fəlsəfə doktoru, dosent Zenfira İsgəndərovanın isə “-Al2O3 nanohissəciklərinin tərkibində polixlorobifenil aşqarları olan transformator yağının radiolizinə təsiri” adlı məqaləsi dərc olunub.
Qeyd edək, institutun alimləri mövcud karantin rejiminin qaydaları çərçivəsində elmi fəaliyyətlərini davam etdirir, aparılmış tədqiqatların nəticələrinə aid məqalələr hazırlayır, eləcə də onlayn formatda beynəlxalq konfranslarda iştirak edirlər.