Rain Sultanov Osloda yaşıl dünyanın qorunub saxlanmasına həsr olunmuş konsertlər verib
Bakı, 12 fevral, AZƏRTAC
Tanınmış caz musiqiçisi və bəstəkar Rain Sultanov Osloda yaşıl dünyaya həsr olunmuş silsilə konsertlər verib.
AZƏRTAC xəbər verir ki, Rain Sultanov ECM leyblinin tanınmış pianoçusu Tord Qustavsenlə duet şəklində, Arild Anderson, Bendik Hofset, Helqe İberq, Helqe Lin, Karl Seqlem kimi Norveçin tanınmış müasir caz-musiqiçilərinin, eləcə də azərbaycanlı musiqiçilər Tural Rafael və Hikmət Babazadənin toplaşdıqları qala konsertdə çıxış edib.
Qala konsertdən məqsəd təbiətin qorunub saxlanması, nəsli kəsilən heyvan növləri, layihənin bütün musiqiçilərinin birləşdirən və onların ümumi ideyasına çevrilən yaşıl dünya naminə həmrəylik mövzusu olub. Zal yüksək səviyyə nümayiş etdirən və publikaya özü üçün yeni musiqi növləri kəşf etmək fürsəti verən ifaçıları ayaq üstə alqışlayıb.
Qeyd edək ki, Rain Sultanovun Avropanın ən nüfuzlu səsyazma studiyalarının birində yazılan “Mavi balina” kompozisiyası tezliklə Avropa leybli tərəfindən nəşr olunacaq.