DÜNYA
“Real” Rodrigesin futbol köynəyindən 10 gündə 50 milyon avro qazanıb
![“Real” Rodrigesin futbol köynəyindən 10 gündə 50 milyon avro qazanıb](/files/2014/2/1200x630/14087125294589065058_1200x630.jpg)
Bakı, 2 avqust (AZƏRTAC). Madridin “Real” komandasının kolumbiyalı hücumçusu Xames Rodrigesin futbol köynəklərinin mağazalara çıxarıldığı həftə yarım ərzində 502 min alıcısı olub.
Bu haqda Kolumbiya KİV-ləri Euromarketing Sport kompaniyasının hesabatına əsasən məlumat yayıb. Kompaniya bildirir ki, bu, futbol atributlarının satışı tarixində 10 gündən də az müddətdə əldə olunmuş ən yüksək göstəricidir. 2013-cü ildə “Real”ın ümumiyyətlə 1,45 milyon ədəd futbol köynəyi satılmışdı ki, bunun 1 milyonu Kriştiano Ronaldunun payına düşür. Rodrigesin hər biri 101 dollardan satılan futbol köynəkləri isə kluba artıq 50 milyon avrodan çox qazanc gətirib.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki “Real” Xames Rodrigeslə müqaviləni 2014-cü ilin iyulunda bağlayıb. Altı illik müqaviləyə əsasən Kolumbiya yığmasının oyunçusu hər il 7 milyon avro alacaq. Qeyri-rəsmi məlumatlara görə, kral klubu bu transfer üçün futbolçunun əvvəlki klubu “Monako”ya 80 milyon avro ödəyib.
Braziliyada keçirilən dünya çempionatında Rodriges turnirin ən çox qol vuran oyunçularından biri olub.