REGİONLAR
Regional Təhsil İdarəsinin müdiri Şəkidə şəhid ailələri ilə görüşüb
Şəki, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Şəki rayonunda şəhid ailələrinin üzvləri ilə görüşüb.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyevin və idarənin rəhbər şəxslərinin də iştirak etdiyi tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıb. İdarə müdiri adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. Qeyd edib ki, Təhsil İdarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür.
Şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxışında tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini, dövlətimizin və xalqımızın Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini hər zaman uca tutduğunu vurğulayıb.
Çay süfrəsi ətrafında davam edən söhbət zamanı şəhidlərin ailə üzvləri onlara göstərilən mənəvi dəstək, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.