Rektor Cəfər Cəfərov: Magistrantlar öz tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməlidirlər
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Fənlərin tədrisi metodikası: müasir yanaşmalar” mövzusunda magistrantların birinci respublika elmi konfransı öz işinə başlayıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov ölkə rəhbərliyinin həyata keçirdiyi təhsil islahatları çərçivəsində pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirildiyini deyib. C.Cəfərov qeyd edib ki, dünya ölkələrinin inkişafının kökündə məhz təhsil dayanır. Bizim təhsil siyasətimiz müasir dövrün yeni çağırışlarına uyğun qurulmalıdır. Cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi üçün əməli tədbirlər həyata keçirilir. Biliklərə əsaslanan cəmiyyətdə - informasiya cəmiyyətində müəllimin üzərinə düşən məsuliyyət daha da artıb. Hazırda Azərbaycanda pedaqoji kadr hazırlığı ən vacib vəzifələrdən biridir. Bizim bütün fəaliyyətimiz təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Magistrantlar öz tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməlidirlər.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, universitetdə bütün sahələrdə, o cümlədən elmi-tədqiqat və intellektual potensialın gücləndirilməsi sahələrində mühüm işlər görülür. ADPU-da gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarına böyük önəm verilir. Hazırda ölkəmizdə ali məktəblərin tədqiqat universitetlərinə çevrilməsi istiqamətində tədbirlər görülür. Universitetlərin fəaliyyəti müasir tələblərə uyğun qurulur.
Tədbirdə professor Zahid Xəlil, dosent İsa İsmayılov konfransın keçirilməsini yüksək qiymətləndiriblər və magistrantlara uğurlar arzulayıblar.
Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Mayın 4-dək davam edəcək elmi konfransda bölmə rəhbərlərinin hesabatları dinləniləcək, yekun qərar qəbul olunacaq.