MƏDƏNİYYƏT
Rəşad Əhmədzadə: Teatr Forumu çağdaş səhnə, sənət tendensiyalarının tədqiq və tətbiqinə təkan verəcək
![Rəşad Əhmədzadə: Teatr Forumu çağdaş səhnə, sənət tendensiyalarının tədqiq və tətbiqinə təkan verəcək](/files/2023/1/1200x630/1681297448208619595_1200x630.jpg)
Bakı, 12 aprel, AZƏRTAC
İstənilən mədəniyyət, teatr aksiyası bizim üçün əsl bayram ovqatı yaradır. Bu mənada ilk dəfədir, keçirilən Teatr Forumundan teatr sahəsində çalışan hər kəsin böyük gözləntiləri var və bu mənada ümid edirəm ki, milli teatrımızın inkişafı istiqamətində atılan bu addım öz bəhrəsini qısa zamanda verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar incəsənət xadimi Rəşad Əhmədzadə deyib.
O bildirib ki, Forumda çox sərbəst və demokratik şəkildə hər kəsə öz fikirlərini bildirməyə imkan yaradıldı və teatr sahəsində çalışan insanlar ən azı fikir mübadiləsinə nail oldular.
“Bilirsiniz ki, hər birimizin ümdə istək və arzusu ömrümüzü həsr etdiyimiz teatr sənətinin daha da inkişafı, tanınmasıdır. Bundan başqa, hər kəs çalışdığı istiqamət üzrə bacardığını etməyə səy göstərir. Düşünürəm ki, bu kimi tədbirlər ümumi problemlərə baxış, yeni strategiyaların müəyyənləşdirilməsi, çağdaş səhnə, sənət tendensiyalarının tədqiq və tətbiqinə təkan verəcək. Artıq iki gündür ki, milli teatrımızda ənənə və yeniliklər, teatr sahəsində kadr məsələləri, təhsildətələb və təklif, müasir tənqid, dramaturgiya və teatr, eyni zamanda aktyor, rejissor, ümumən teatr idarəetməsi ilə bağlı maraqlı, yeni fikirlər də oldu”, - deyə R.Əhmədzadə vurğulayıb.
Forumun mədəniyyət camesində böyük önəm daşıdığını qeyd edən Əməkdar incəsənət xadimi bildirib ki, teatr sahəsinə illərdən bəri yığılıb qalmış problemləri qısa zamanda aradan qaldırmaq olmasa da, müəyyən vacib işlərin yoluna düşməsi üçün müzakirələr aparmaq vacibdir: “Belə olduqda biz həllə nail ola biləcəyik. Paytaxt və bölgə teatrları və digər vacib məsələlər müzakirə olunur və nəticələri sözsüz ki, olacaq”.