MƏDƏNİYYƏT
RƏŞİD BEHBUDOVUN XATİRƏ İŞIĞINDA
Dekabrın 14-ü - dahi sənətkar, bənzərsiz mahnı ustası, SSRİ xalq artisti Rəşid Behbudovun doğum günü onun adını daşıyan Dövlət Mahnı Teatrının kollektivi üçün də əziz və unudulmaz günlərdən biridir. Bu münasibətlə teatrın kollektivi rəşidsevərləri görkəmli müğənninin xatirə gecəsinin işığına toplamışdı.
Teatrda AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə unudulmaz nəğməkar Rəşid Behbudov haqqında xatirələr danışıldı, onun zəngin çalarlı gözəl səsindən, ifaçılığına xas olan hisslərin təbiiliyindən, dolğunluğundan və səmimiliyindən söhbət açıldı.
Sonra Dövlət Mahnı Teatrı üzvlərinin ifasında bir vaxtlar Rəşid Behbudovun repertuarını bəzəmiş mahnılar səsləndi, ölməz sənətkara həsr olunmuş kinofilmlərdən lent yazıları nümayiş etdirildi.
X X X
Həmin gün teatrın kollektivi Fəxri xiyabana gələrək Rəşid Behbudovun məzarını ziyarət etmiş, qəbrinin üzərinə gül-çiçək dəstələri və əklillər qoymuşdur.