MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasında “Amalımız həmrəylikdir” mövzusunda konfrans təşkil olunub
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 27-28-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Amalımız həmrəylikdir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərinin səsləndirilməsi ilə başlayıb.
Kitabxananın direktoru Oruc Quliyev, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat veriblər.
Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova xaricdə yaşayan azərbaycanlıların həmrəyliyə daha çox ehtiyacı olması və diasporun fəaliyyəti mövzusunda məruzə edib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev siyasi mühacirlərin formalaşması, diaspora Heydər Əliyev Fondunun dəstəyi mövzusunda çıxış edib.
Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları və digər natiqlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilməsi, azərbaycanlıların milli-mənəvi dəyərlərinə hörmət, azərbaycançılığı hər zaman qorumağın zəruriliyi mövzularında çıxışlar ediblər.
Sonda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı foto-stendə baxış keçirilib.