SİYASƏT
RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ MİSİR PREZİDENTİNİN VƏ BAŞ NAZİRİNİN ŞƏXSİ NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCAN SƏFİRLİYİNƏ GƏLMİŞLƏR
Qahirə, 29 may (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyindən bildirmişlər ki, Misir Prezidentinin və Baş nazirinin şəxsi nümayəndələri 28 May - Respublika günü münasibətilə rəhbərlərinin təbriklərini çatdırmaq məqsədi ilə ayrı-ayrılıqda səfirliyə gəlmişlər.
Ölkə başçısının şəxsi nümayəndəsi görüşdə Prezident Hüsni Mübarəkin və birinci xanım Syuzan Mübarəkin Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya salamlarının və səmimi təbriklərinin çatdırılmasını xahiş etmişdir.
Baş nazirin şəxsi nümayəndəsi isə hökumətin rəhbəri Əhməd Nazifin azərbaycanlı həmkarı Artur Rasizadəyə salam və təbriklərinin çatdırılmasını xahiş etmiş və Artur Rasizadənin Əhməd Nazifə həyat yoldaşının vəfat etməsi ilə bağlı başsağlığı məktubuna görə rəhbərliyi adından minnətdarlığını bildirmişdir.
Görüşlərdə səfir Faiq Bağırov ulu öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün münbit zəmin yaratdığını vurğulamış, Heydər Əliyevin və Hüsni Mübarəkin möhkəm dostluq əlaqələrinin təsdiqi olaraq Misirin Qalyubiyyə və Azərbaycanın Abşeron rayonlarında hər iki böyük şəxsiyyətin şərəfinə abidələrin ucaldıldığını xatırlatmışdır.
Sonra ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin 2007-ci ilin mayında Misirə səfəri zamanı imzalanmış sənədlərin, habelə Misirin birinci xanımı Syuzan Mübarəkin 2008-ci ilin sentyabrında ölkəmizə səfərinin həmin əlaqələrin bütün sahələr üzrə inkişafına öz töhfəsini verdiyi xüsusilə qeyd edilmiş və bu əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə artacağına əminlik ifadə edilmişdir.
Görüşlərin yekununda qonaqlara ölkəmizin tarixinə, mədəniyyətinə, xalqımızın adət-ənənələrinə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablar təqdim edilmişdir.