Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarına KOICA-nın sertifikatları təqdim olunub
Bakı, 7 iyul, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ( KOICA) və Milli Mülki Müdafiə və İdarəetmə Təbii Fəlakətlər İnstitutunun birgə təşkil etdiyi “Təbii fəlakətlərə dair erkən xəbərdarlıq sistemi” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarının, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzin geodinamika şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və mərkəzin əməkdaşı Lalə Piriyeva iştirak ediblər.
Onlayn təlimin məqsədi Koreyanın informasiya texnologiyaları əsasında təbii fəlakətlərin proqnozlaşdırılması və qarşısının alınması sistemləri üzrə hazırlıq səviyyəsinin artırılması ilə bağlı olub. Təlimin sonunda iştirakçılara, o cümlədən mərkəzin nümayəndələrinə sertifikatlar təqdim olunub.