RESPUBLİKA VETERANLAR ŞURASININ IV PLENUMU KEÇİRİLMİŞDİR
Əvvəlcə, III plenumdan sonra keçən müddətdə vəfat etmiş veteranların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Plenumu şuranın sədri Baloğlan Rüstəmov açaraq, iştirakçıları tədbirin gündəliyi ilə tanış etmiş, təşkilatın daimi komissiyasının sədri Vəli Vəliyevin Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” 1997-ci il 23 dekabr tarixli Qanunun yerinə yetirilməsi ilə əlaqədar təşkilatın vəzifələri və görülmüş işlər barədə məruzəsi dinlənilmişdir. Məruzədə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra veteranların bir çox problemlərinin həll olunduğu və bu münasibətin dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi faktlarla diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, hazırda ölkəmizdə Böyük Vətən müharibəsi iştirakçılarına aid, onların xatirəsini əbədiləşdirmək məqsədi ilə 439 abidə kompleksi qeydiyyatdadır və onların qorunub-saxlanması təşkilatın diqqət mərkəzindədir. Təkcə 2005-ci ildə respublikamızın 10 şəhər və rayonunda ( Gəncə, Mingəçevir, Xanlar, Qusar, Lənkəran, Goranboy, Qazax və s.) abidələrin vəziyyəti barədə yoxlamalar aparıldığı və görülən işlərin səviyyəsinin müsbət qiymətləndirildiyi qeyd edilmiş, vətəndən uzaqlarda, xüsusilə MDB ölkələrində, II Dünya müharibəsi döyüşlərində həlak olmuş həmyerlilərimizin daim yad edilməsi məqsədi ilə xatirə abidələrinin, qəbirlərinin qorunub saxlanılması üçün xarici ölkələrdəki diasporlarımızla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Tədbirdə Naxçıvan MR, Bakı, Mingəçevir, Neftçala, Gəncə və s. veteran təşkilatları rəhbərlərinin çıxışları, həmçinin respublika veteranlar şurası sədrinin birinci müavini Əlövsət Baxışovun “Respublika şəhər və rayon veteranlar təşkilatlarında hesabat-seçki yığıncaqlarının və konfranslarının keçirilməsi barədə” və “Respublika Veteranlar təşkilatının 20 illik yubileyinə hazırlıq və onun keçirilməsi tədbirləri barədə” məlumatları da dinlənilmişdir.
Sonda qəsbkar Ermənistanın ölkəmizə təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə tarixi abidələrimizin dağıdılması ilə bağlı MDB ölkələri veteran təşkilatlarına müraciət qəbul edilmişdir.