Respublika Veteranlar Təşkilatında Azərbaycan-Türkiyə qardaşlığına dair tədbir keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Meşə yanğınlarına qarşı Türkiyə dövlətinin və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizədə fəal dəstəyinə həsr olunan tədbirdə ölkələrimiz arasında qardaşlıq münasibətləri tarixi aspektdən təhlil edilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldıqları tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə qardaşlıq dəstəyi göstərdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birilərinin yanında olduğunu vurğulayıb. Qırx dörd günlük Vətən müharibəsində Türkiyə dövlətinin və türk xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov dövlətimizin yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyənin yanında olduğunu qeyd edib.
Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-in əməkdaşının Türkiyənin dövlət bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov bunu Azərbaycan vətəndaşının Türkiyəyə, qardaş ölkənin dövlət bayrağına və dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkürünü bildirib.
Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib.
Sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub.
Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildirib, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.