RESPUBLİKAMIZIN SƏRHƏDLƏRİNDƏ QAÇAQMALÇILIĞA QARŞI MÜBARİZƏ UĞURLA DAVAM EDİR
İyulun son on günü ərzində Azərbaycan sərhədçiləri dövlət sərhədlərimizin mühafizəsində bir sıra önəmli nəticələr əldə etmişlər. Azərbaycan Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qazax rayonunun Xanlıqlar kəndinin Bayrambulaqlı adlanan ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 1 ədəd “AKSU” markalı silah, 1 ədəd süngü bıçağı, 6 ədəd daraq və 125 ədəd 5,45 millimetrlik döyüş patronu aşkar olunaraq götürülmüşdür. Lerik rayonunun Hilidərə kəndinin dağlıq ərazisində 3 hektara yaxın sahədə yabanı halda bitmiş 8.630 ədəd (3.500 kq) xaşxaş kolu aşkarlanaraq məhv edilmişdir. Gürcüstanla dövlət sərhədində Azərbaycandan Gürcüstana 1.180 litr dizel yanacağının,Gürcüstandan Azərbaycana 290 qutu siqaret və 953 litr spirtin keçirilməsinin qarşısı alınmışdır. Rusiyadan Azərbaycana 10.880 qutu müxtəlif markalı siqaret, 16 kiloqram 553 qram nərə balığı kürüsünün keçirilməsinin qarşısı alınmışdır. “Astara” gömrük məntəqəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində İrandan Azərbaycana gətirilən kalsium karbonat yükünün arasında gizlədilmiş 22 ton 925 qram ağ sementin keçirilməsi mümkün olmamışdır. Göstərilən dövrdə dövlət sərhədini pozduğuna görə 23 nəfər sərhəd pozucusu qismində, 130 nəfər isə sərhəd rejim qaydalarına riayət etmədiyinə görə saxlanılmış və barələrində müvafiq tədbirlər görülmüşdür.