Rumıniya Milli Bankı: Kriptovalyutalar milli valyutaların yerini tuta bilməz
Buxarest, 23 aprel, AZƏRTAC
Rumıniya Milli Bankının idarə heyətinin üzvü Daniel Daynau bildirib ki, kriptovalyutalar milli valyutaların yerini tuta bilməz.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, məmurun fikrincə, kriptovalyutalar bazarda mövcud ola bilər, amma onlar dövlət və özəl institusiya orqanlarına uyğun gəlmir.
O qeyd edib ki, hər bir idarə öz prinsipləri əsasında fəaliyyət göstərir. Hökumətin isə bütövlükdə biznes modeli perspektivli texnologiyalar və artıq mövcud olan üsullardan istifadə etmək üzərində qurulmalıdır. Kriptovalyutalar milli valyutaları ona görə əvəz edə bilməz ki, onların texnologiyaları tam araşdırılmayıb və öyrənilməyib.
D.Daynau gələcəkdə milli bankın kriptovalyutalarının olmasını da istisna etməyib. O diqqətə çatdırıb ki, hətta bu baş versə belə onun milli valyuta kimi istifadəsi mümkün olmayacaq.
Qeyd edək ki, Rumıniya Maliyyə Nazirliyi rəqəmsal aktivlərlə bağlı qanun layihəsi hazırlayıb. Burada kriptovalyuta ilə işləmək hüququ olan təşkilatlar sadalanır. Rumıniyada həyata keçirilən sosioloji sorğuya əsasən, əhalinin 75 faizi rəqəmsal aktivlər və onların istifadə olması barədə məlumatlıdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest