İDMAN
Rumıniyanın voleybol yığmasının baş məşqçisi: Birinci Avropa Oyunları sayəsində çox şey öyrəndik, güclü komandalarla oyunda təcrübə topladıq
Bakı, 21 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Bakıda olmağımız bizə çox böyük zövq verir. Birinci Avropa Oyunları sayəsində çox şey öyrəndik, güclü komandalarla oyunda təcrübə topladıq.
Bu sözləri Rumıniyanın qadın voleybol yığmasının baş məşqçisi argentinalı Gilyermo Qallardo yetirmələrinin İtaliya yığması üzərində 3:0 hesabı ilə qələbəsindən sonra AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.
Gilyermo Qallardo qeyd edib ki, Azərbaycanda voleybola yüksək marağın olması onu da, Rumıniya komandasının bütün üzvlərini də heyrətləndirib. Yaradılmış şəraitə görə “Bakı-2015”in Təşkilat Komitəsinə minnətdarlığını bildirən Gilyermo Qallardo idmançılar üçün hər şeyin çox yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycanın voleybol yığma komandası haqqında fikirlərini bölüşən Gilyermo Qallardo deyib: “Bu komanda çox güclüdür. Azərbaycan yığması qələbə əzmindədir ki, bu da hər bir komanda üçün çox vacibdir. Onlar oyundan-oyuna inkişaf edir, daha hazırlıqlı olurlar. Düşünürəm ki, Azərbaycanın voleybol yığması Avropa Oyunlarında mütləq ilk üç yerdən birini tutacaq”.
Qeyd edək ki, iyunun 13-də keçirilmiş Azərbaycan-Rumıniya oyununda yığma komandamız 3:1 hesabı ilə qələbə qazanıb.