İDMAN
“Rusiya 2018”: Braziliya və Meksika komandaları qarşılaşırlar
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsində Braziliya-Meksika oyununa start verilib.
AZƏRTAC xəbər verir ki, “Samara Arena” stadionunda keçirilən görüşdə Braziliya millisinin heyətində meydana Alison Beyker, Tiaqo Silva, Miranda, Kazemiro, Felipe Luis, Qabriyel Xesus, Neymar, Filip Koutunyo, Paulinyo, Vilyam və Faqner çıxıblar.
Meksika millisinin start heyətində isə Qilyermo Ocoa, Uqo Ayala, Karlos Salsedo, Rafayel Markez, Karlos Vela, Xavyer Hernandes, Hektor Errera, Andreas Quardado, Edson Alvares, İrvinq Losano, Xesus Qalyardo yer alıblar.
Görüşü italiyalı Canluka Rokki idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.
Xatırladaq ki, “E” qrupunda Kosta-Rika (2:0) və Serbiya (2:0) yığmalarına qalib gələn braziliyalılar İsveçrə millisi ilə isə (1:1) heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.
Meksika millisi isə qrup mərhələsində “F” qrupunda yer alıb. İlk turda meksikalılar son dünya çempionu Almaniya milisini minimal hesabla məğlub ediblər (1:0), ikinci turda isə Meksika yığması cənubi koreyalılardan üstün olub (2:1). Sonuncu turda İsveç millisinə uduzan meksikalılar məğlubiyyətə baxmayaraq qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.
Braziliya və Meksika yığmaları bu vaxta kimi dörd dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə “pentakamyon”lular 1950-ci, 1954-cü və 1962-ci illərdə qalib tərəf olublar. Bir oyun isə heç-heçə başa çatıb.
Qeyd edək ki, Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl ilahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra - 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu - beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.
1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.
Bu gün Belçika-Yaponiya matçı isə saat 22:00-da “Rostov Arena” stadionunda start götürəcək.
Bu oyunlardan sonra dünya çempionatının daha iki dörddəbir finalçısının adı məlum olacaq.
Xatırladaq ki, dörddəbir finala dörd vəsiqənin sahibi müəyyənləşib. Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması, Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa komandası növbəti mərhələyə adlayıblar. Həmçinin play-off mərhələsinin ən gözlənilməz hesabı ev sahibi Rusiya və İspaniya millisi arasında qeydə alınıb. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələri 1:1 hesabı ilə başa çatsa da, 11 metrlik cərimə zərbələrində ruslar dəqiq olublar - 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşməyib. On bir metrlik cərimə zərbələrində Xorvatiya millisi dörddəbir final mərhələsində vəsiqə qazanıb (3:2). Dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.