RUSİYA FEDERASİYASININ ALİ MƏKTƏBLƏRİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞLARI ÜÇÜN AYRILMIŞ YERLƏRƏ TƏLƏBƏ QƏBULU APARILIR
Sənədlərin qəbulu mayın 5-dək, hər gün saat 10:00-dan 17:00-dək TQDK tərəfindən təşkil olunmuş sənəd qəbulu komissiyasında (SQK) aparılır. SQK TQDK-nın binasında (Akademik Həsən Əliyev küç, 17) fəaliyyət göstərir.
Abituriyentlər SQK-da “Ərizə forması”nı şəxsən doldurmalı və aşağıdakı sənədləri təqdim etməlidirlər: orta təhsil haqqında sənədin əsli (2006-cı ilin məzunları, I yarımillik üçün qiymətlər göstərilməklə, buraxılış sinfində oxumaları haqqında arayış); şəxsiyyət vəsiqəsi (2006-cı il mayın 1-dək 16 yaşı tamam olmayan şəxslər doğum haqqında şəhadətnamənin əslini); hərbi bilet və ya çağırışçı vəsiqəsi; hamısı eyni olmaq şərtilə yeni çəkilmiş 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil; TQDK-nın hesabına 2 manat köçürülməsi haqqında qəbz (həmin məbləğ SQK-da yaradılmış kassalarda qəbul edilir).
Ali məktəb tələbələrinin, yaxud məzunlarının Rusiya Federasiyasının ali məktəblərinə sənəd vermək hüququ yoxdur.
Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 1-ci və 2-ci kurs tələbələri qarşısında (*) işarəsi olan xüsusi qabiliyyət tələb edən mədəniyyət və incəsənət ixtisaslarına sənəd verə bilərlər. Tələbələr SQK-ya təhsil aldıqları ali məktəbdən göndəriş təqdim etməlidirlər. Mədəniyyət və incəsənət ali məktəbləri haqqında məlumat namizədlərin sənədləri RF Federal Təhsil Agentliyindən daxil olduqdan sonra veriləcəkdir.
Tibb ixtisaslarına və kənd təsərrüfatı sahələrinə aid ixtisaslara qəbul haqda məlumat namizədlərin sənədləri daxil olduqdan və qəbul aparan ali məktəblə razılaşdırmadan sonra veriləcəkdir.
Abituriyentlərə eyni ixtisas qrupuna aid 3-dək ixtisas seçmək imkanı verilir. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində test imtahanı verir və müsahibədən keçirlər. Müsahibəyə test imtahanlarından 400-dən çox bal toplayan abituriyentlər buraxılırlar. Müsahibədə orta məktəbi Azərbaycan dilində bitirənlərin rus dilini, orta məktəbi rus dilində bitirənlərin isə Azərbaycan dilini bilməsi yoxlanılır.
Rusiya Federasiyasının ali məktəblərində təhsil pulsuz, digər xidmətlər, o cümlədən yataqxana pulludur.
Rusiya Federasiyasına təhsil almağa gələn vətəndaşlar icbari qaydada tibbi sığorta Polisi almalıdırlar (qiyməti 150 ABŞ dollarından başlayır).
Test imtahanları (abituriyentlərin təhsil aldığı dilə müvafiq olaraq, Azərbaycan və rus dillərində) mayın 12-də keçiriləcəkdir.
Rusiya ali məktəbləri qəbul imtahanlarını keçirmək hüququnu özündə saxlayır.
Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşları sənədlərini Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Federasiyası ərazisində yerləşən bölmələrində təqdim edə bilərlər. RF-də sənəd verənlər üçün qəbul imtahanları Moskva şəhərində keçiriləcəkdir. Bu imtahanların tarixi barədə əlavə məlumat veriləcəkdir.
Rusiya Federasiyasının ali məktəblərində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu ilə bağlı məlumatları TQDK-nın internet saytından da (vvvvvv.tqdk.gov.az) almaq mümkündür.