RUSİYA FEDERASİYASININ AZƏRBAYCANDAKI TİCARƏT NÜMAYƏNDƏLİYİ STRATEJİ VƏZİFƏLƏRİ HƏYATA KEÇİRİR
Beləliklə, müqavilə-hüquqi baza var və Azərbaycan Rusiya Federasiyasının xarici iqtisadi fəaliyyətində öncül istiqamətlərdən biridir. Buna həm hər iki ölkənin rəhbərləri İlham Əliyevin və Vladimir Putinin Moskvada işgüzar, konstruktiv və səmimi şəraitdə keçən görüşü, həm də Rusiya Federasiyasının iqtisadi inkişaf və ticarət naziri German Qrefin bu yaxınlarda Azərbaycana səfəri sübutdur. Bu səfər zamanı da işgüzar, konstruktiv dialoq olmuş və konkret məsələlər müzakirə edilmişdir.
Y.Şedrin demişdir ki, bu sahədə qarşıda duran vəzifələrə gəldikdə isə, bunlar hər iki ölkənin biznes qurumlarına, işgüzar dairələrinə kömək göstərməkdən, qarşılıqlı iqtisadi əməkdaşlıq səylərini əlaqələndirməkdən ibarətdir. Ticarət nümayəndəliyinin vəzifələri Rusiya qanunvericiliyi ilə müəyyənləşdirilmişdir və bu sırada “Dövlətin xarici ticarət fəaliyyətinin əsasları haqqında” federal Qanun əsas sənəddir. Ticarət nümayəndəliyi, prosesə müdaxilə etmədən, dövlətin xarici ticarət fəaliyyətinin nizama salınması vəzifələrini yerinə yetirir, tarif siyasətinin, lisenziyalaşdırmanın və sairənin həyata keçirilməsi ilə məşğul olur. Ticari-iqtisadi fəaliyyətin bilavasitə iştirakçıları isə hər iki ölkənin təsərrüfat subyektləri, biznes qurumlarıdır. Ticarət nümayəndəliyi vasitəçilik funksiyalarını yerinə yetirərək, onlarla qarşılıqlı fəaliyyət göstərir.
Y.Şedrin bildirmişdir ki, başçılıq etdiyi qurumun qısa müddətdə - bu ilin martından - fəaliyyət göstərməsinə baxmayaraq, xeyli iş görülmüşdür. O demişdir ki, Rusiyanın bütün regionlarının nazirlik və idarələrinə, iri şirkətlərinə Azərbaycan iqtisadiyyatı, onun tələbləri, o cümlədən sərmayə mühiti haqqında informasiya göndərilmişdir. Artıq qarşılıqlı proses müşahidə edilir. Rusiya kapitalının Azərbaycan iqtisadiyyatının inkişafında iştirakına dair təkliflər daxil olmaqdadır.