RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Rusiya Federasiyasının milli bayramı – Dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edilməsi günü münasibətilə Sizi və Sizin simanızda dost Rusiya xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Dövlətçiliyin möhkəmləndirilməsi, siyasi-hüquqi, sosial-iqtisadi islahatların aparılması sahəsində son illərdə Rusiyanın qazandığı uğurlar beynəlxalq aləmdə ölkənizin nüfuzunu artırmaqdadır.
Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin inkişafı da böyük məmnunluq doğurur. Çox şadam ki, əzəldən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsi ilə ardıcıl inkişaf edən ikitərəfli münasibətlərimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri üçün səciyyəvi olan açıq dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və dəstək daim əlaqələrimizin dinamik və çoxtərəfli inkişafını təmin edəcək, regionumuzda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rusiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2004-cü il.