SİYASƏT
RUSİYA STRATEJİ İDARƏETMƏ EKSPERTİ STRATEJİ TƏDQİQATLAR MƏRKƏZİNDƏ ÇIXIŞ EDƏCƏKDİR
Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 24-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzində (STM) Rusiya Elmlər Akademiyası ictimai elmlər sektorunun İqtisadi Strategiya İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev “Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Strateji Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin məlumatında bildirilir ki, A.Ageyev korporativ, regional və dövlət səviyyəsində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment, beynəlxalq investiyalaşdırma standartları sahəsi üzrə tanınmış ekspertdir. O, 200-dən çox elmi işin, publisist və bədii əsərlərin müəllifidir. Lomonosov adına MDU-nun, Rusiya Federasiyası hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının məzunudur, Kinqstondakı (Böyük Brityaniya) biznes məktəbdə təhsil almışdır, ABŞ-da və Koreya Respublikasında təcrübə keçmişdir.
Məruzə ətrafında müzakirələrdə STM-nin, elmi institutların əməkdaşları, ekspertlər, qeyri-hökumət təşkilatların və xarici diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.