İDMAN
Rusiya təmsilçiləri idman dırmanması üzrə Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olmuşlar[YENİLƏNİB]
Bakı, 23 iyun (AZƏRTAC). İyunun 23-də Bakıda idman dırmanması üzrə dünya kuboku yarışlarına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yarış açıq havada, Dövlət Bayrağı Meydanında quraşdırılmış 15 metr hündürlüyündəki dırmanma divarında təşkil olunmuşdur.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, Beynəlxalq İdman Dırmanması Federasiyasının birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda dünyanın 11 ölkəsindən 69 idmançı birincilik uğrunda mübarizə aparmışdır.
Yarışda rusiyalı idmançılar - kişilər arasında rusiyalı Stanislav Kokolin, qadınların mübarizəsində isə Yuliya Kaplina fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Kişilərin mübarizəsində Yaroslav Qandaryuk (Ukrayna) gümüş, Leonardo Qontero (İtaliya) bürünc medal qazanmışlar. Qadınların yarışında isə rusiyalı Alina Qaydamakina ikinci, polşalı Aleksandra Rudzinska üçüncü olmuşlar.
Qalibləri Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov və Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolaris mükafatlandırmışlar.
Sonda H.Bağırov Beynəlxalq İdman Dırmanması Federasiyasının bayrağını M.Skoçlarisə təqdim etmişdir.
Növbəti dünya kuboku yarışları cari ilin oktyabrında Koreya Respublikasında keçiriləcəkdir.