İDMAN
Rusiyalı politoloq: Qərbin ilk Avropa Oyunları ilə bağlı təzyiqləri Soçi Olimpiadasını xatırladır
![Rusiyalı politoloq: Qərbin ilk Avropa Oyunları ilə bağlı təzyiqləri Soçi Olimpiadasını xatırladır](/files/2015/2/1200x630/1435474659145439182_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
Qərbin ilk Avropa Oyunları ilə bağlı təzyiqləri Soçi Olimpiadasını xatırladır.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Sputnik“ radiosunun siyasi analitiki Dmitri Babiç “RT.com” internet portalında yayılan məqaləsində ilk Avropa Oyunları ilə bağlı rəsmi Bakıya qarşı yönələn təzyiqləri “əsassız” adlandırıb. Məqalədə Azərbaycanın bu nüfuzlu idman yarışına qısa müddətdə hazırlaşdığı, eyni zamanda, qərəzli dairələrin ölkəmizə qarşı təzyiqləri xüsusi vurğulanır.
“Gənc müstəqil Azərbaycanın bu yarışlara hazırlaşması üçün cəmi iki il yarım vaxt lazım gəldi. Amma Oyunlara az vaxt qalmış Almaniya Bundestaqında Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən qərəzli qərar, eləcə də Qərb mətbuatı vasitəsilə həyata keçirilən təzyiq kampaniyası da diqqətdən yayınmadı”, - deyə məqalədə vurğulanır.
Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə istinadən yazır ki, əslində Azərbaycanın müstəqil siyasət yürütməsi heç də hamının xoşuna gəlmir. Bakı bu təzyiqlərlə 2012-ci il “Eurovision” mahnı yarışması zamanı da qarşılaşdı. Amma bu, heç bir nəticə vermədi. Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti haqlı olaraq bu təzyiq kampaniyasını ikili standartlar siyasətinin nəticəsi adlandırıb.
Məqalədə qeyd olunur ki, Azərbaycana qarşı yönələn təzyiqlər əslində 2008-ci il Pekin və 2014-cü il Soçi olimpiadalarında da müşahidə olunub. “Bundestaqın 2008-ci və 2014-cü illərdə qəbul etdiyi qərarlarda da hər iki olimpiadanın insan haqlarının pozulduğu bir mühitdə keçirildiyi bildirilirdi. Bu baxımdan 2015-ci il Avropa Oyunlarına qarşı təzyiqlərin sifarişinin əsas məqsədini də çözmək çətin deyil”, - deyə müəllif vurğulayır.