Rza Əliyev: İdman gimnastikası üzrə Avropa çempionatında qalib gəlmək şansımız yüksəkdir
Bakı, 30 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Bir aydan sonra - avqust ayında Qlazqoda (Böyük Britaniya) idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Bununla əlaqədar, bu gün Azərbaycan birinciliyi və 25-ci Bakı çempionatı keçirilir. Biz Qlazqoya geniş heyətlə gedəcəyik. Bakı çempionatı bizim gimnastların özlərini sınaması və qüvvələrini yoxlaması üçün münasib məkandır.
Kişilər arasında idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, budəfəki turnir ölkəmizin əsas arenasında keçirilən ilk turnirdir və bu fakt gimnastların nəticələrinə ciddi təsir göstərib.
Rza Əliyev deyib: “Avropa çempionatına hazırlıq işləri normal gedir. Əlbəttə, indi çox risk etmirik. Ümumiyyətlə ölkə birinciliyi Avropa çempionatı ərəfəsində keçirilir. Həmin çempionata gedəcək gənclərin qarşısında qoyulmuş məsələlər praktiki olaraq yerinə yetirilib. Gimnastlarımızın hamısı yaxşı fiziki formadadır. Oktyabrın 6-18-də keçiriləcək Gənclərin Olimpiya oyunlarına da getməyi planlaşdırırıq. Bu, Azərbaycanın idman gimnastikası tarixində ilk dəfədir. Səməd Məmmədli həmin oyunlara lisenziya alıb”.
Baş məşqçi Avropa çempionatında komandaya bəslənən ümidlərdən söhbət açaraq deyib: “Ayrı-ayrı alətlərdə favoritlərimiz var, lakin konkret nə isə demək çətindir. Ümidlərimiz böyükdür. Senyorların yarışlarında halqa ilə, yuniorların çıxışlarında isə gimnastika atı hərəkətlərdə ən yaxşı nəticə göstərməyə ümid edirik. Şanslarımız pis deyil. İdmanda həmişə daha yaxşı nəticə göstərməyə çalışmaq lazımdır. Əgər buna çalışmasaq heç nəyə nail ola bilmərik. Bütün idmançılara cansağlığı, əməksevərlik və uğurlar arzulayıram”.