“SABA ŞİRKƏTİ” MMC-NİN İSTEHSAL ETDİYİ DONDURMALARI ALARKƏN DİQQƏTLİ OLUN!
Bakı, 7 iyul (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Saba şirkəti” MMC-də aparılan yoxlama zamanı müəssisədə istehsal edilən dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin istehsalçısının və yararlılıq müddətlərinin məlum olmadığı aşkar edilmişdir.
Bununla əlaqədar, müəssisənin anbarında olan 7,9 ton hazır məhsulun satışının dayandırılması və ticarət şəbəkəsinə göndərilmiş dondurmaların geri qaytarılması, həmçinin, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş, uyğunluq və gigiyenik sertifikatları olmayan 2,5 ton bükmə materialından istifadənin dayandırılması barədə “Saba şirkəti” MMC-yə göstəriş verilmişdir.
Eyni zamanda, müəssisənin anbarında olan hazır məhsullardan nümunə götürülərək laborator müayinəyə göndərilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Saba şirkəti” MMC-də istehsal edilən dondurmaları almamağı tövsiyə edir.