Sabahı düşünərək məsuliyyətsiz addım atmamalıyıq
Bakı, 1 may, AZƏRTAC
Artıq bir neçə aydır ki, dünya insanlığa qənim kəsilmiş gözəgörünməz varlıqla savaşır. Çindən başlanan epidemiya tezliklə çox geniş areala yayılaraq pandemiya xarakteri alıb. COVID-19 dünyanın bir parçası olan Azərbaycanda da təşviş və narahatlıq yaradıb. Dəhşətli virusa qarşı mübarizədə ölkə rəhbərliyi bütün imkanları səfərbərliyə alıb və mümkün olan ən zəruri tədbirlər görüb. Həmin tədbirlər hamısı insanları bu bəladan sağ-salamat və ən minimal itkilərlə sovuşdırmağa yönəlib.
AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nuranə Nur xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirləri dəstəkləyətək deyib: “Bütün bunlara baxmayaraq amansız virusla mübarizə arxayınlaşmaq üçün heç bir əsas vermir. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də adamların bir qismi xəstəliyə inanmır, ciddi qəbul etmir və hətta ironiya ilə yanaşanlar da var. Heç bir qorunma üsulu olmadan, maskasız və əlcəksiz küçələrə çıxanlar da var. Halbuki biz elə bir dəhşətli və qorxunc virusla üz-üzəyik ki, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə edərək erkən arxayınlaşmaq və məsuliyyətsiz davranışlar koronavirusun yayılmasının ikinci dalğasına yol aça bilər. Bu isə çox ağır və fəlakətli nəticələrə aparıb çıxarar ”.
O, bu yolda aparılan mübarizəni ardıcıllıqla davam etdirilməsini, əhalinin karantin rejiminin tələblərinə ciddi əməl etməsini vacib və gərəkli sayır: “Bəşəriyyət həmişə belə sınaqla üz-üzə qalmır, yüz, iki yüz ildə bir dəfə baş verən bu nadir hadisə bizim nəslin bəxtinə düşüb. COVID-19 xəstəliyi uzunmüddətli prosesdir, onun öhdəsindən qısa zaman ərzində və asanlıqla gəlmək mümkün deyil. Unutmaq olmaz ki, virus infeksiyasına mübtəla olanları xilas etmək üçün gecəli-gündüzlü çalışan, günlərlə, aylarla ev üzü görməyən həkimlər, tibb işçiləri var. Pandemiyanın ilk günlərindən indiyə qədər xalqımızı birlik və həmrəylik nümayiş etdirərək qorxunc xəstəliklə mübarizədə ən az itkilər verib. Əgər qurbanların çox olmasını istəmiriksə, özümüzün, doğmalarımızın, ailə üzvlərimizin və ətrafda olanların sağlamlığını düşünürüksə xəstəliyin artım dinamikasına yol verməmək üçün mövcud qaydalara riayət etməli və vətəndaş məsuliyyətini azaltmamalıyıq. Həyat və yaşam naminə zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Yaşadığımız müqəddəs Ramazan günlərində özümüzü, yaxınlarımızı, dünyamızı xilas etməliyik. İndiki dövrdə hər bir kəsin üzərinə düşən ən mühüm vəzifə bundan ibarətdir”.