Şabranın Dağbilici kəndinin sakinləri bundan sonra təbii qazın istisinə qızınacaq VİDEO
Şabran, 27 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun ucqar yaşayış məntəqələrindən sayılan Dağbilici kəndi təbii qazla təmin olunub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, 127 abonenti olan Dağbilici kəndinin qazlaşdırılması “Azəriqaz” tərəfindən qısa müddətdə həyata keçirilib. Yaşayış məntəqəsinin “mavi yanacaq”la təminatı üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 min 581 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Diqqətə çatdırılıb ki, Dağbilici ilə yanaşı, 2015-ci ilin ötən dövrü ərzində rayonun Pirəbədil, Sumaqova, Zöhramı, Pirəmsən və Xəlilli kəndlərinə də təbii qazın verilməsi təmin olunub. İlin sonuna kimi Günəşli və Mumlu kəndlərinin qazlaşdırılması da yekunlaşacaq.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.